2024-02-09

Mətbuat relizi - 09.02.2024

İşğaldan azad olunmuş bir sıra ərazilərimizdə kütləvi məzarlıqlar hələ də aşkar edilməkdədir. Xocalı rayonunun Əsgəran qəsəbəsi ərazisində Xocalı soyqırımı zamanı qətlə yetirilən sakinlərə məxsus olması ehtimal edilən növbəti kütləvi məzarlığın aşkar edilməsi faktı Ermənistanın Azərbaycana qarşı insanlıq əleyhinə ən ağır cinayət olan soyqırımı törətdiyini bir daha təsdiqləyir.

9 fevral 2024-cü il tarixində məsələyə münasibət bildirən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistanın uzun illər ərzində Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq, soyqırımı, deportasiya, terror siyasətini qəti şəkildə pisləmişdir.

Dəfələrlə Ermənistan tərəfindən törədilmiş soyqırımı cinayətləri ilə əlaqədar beynəlxalq təşkilatlara müraciət olunmasına baxmayaraq, bu soyqırımı faktlarına hələ də beynəlxalq səviyyədə hüquqi qiymət verilməmiş, çoxsaylı cinayətlərin törədilməsində təqsiri olan şəxslər məsuliyyətdən kənarda qalmışdır.

Beynəlxalq təşkilatlar Azərbaycana qarşı ikili standartlarla müşayiət olunan laqeyd münasibətə son qoymalı, insan hüquq və azadlıqlarının kütləvi və kobud şəkildə pozulmasına səbəb olan bu kimi cinayətlərə hüquqi qiymət verməli, cinayətlərin törədilməsində təqsirkar şəxslər ədalət mühakiməsinə cəlb olunmalıdır.

https://ombudsman.az/az/news/91 

Arxiv üzrə axtarış