2021-07-03

Məlumat üçün bildiririk ki, cari ilin 03 iyul tarixində Braziliyanın paytaxtı Brasilia şəhərində dərc olan tanınmış “Correio Brazilense” qəzetində səfir Elxan Poluxovun “Azərbaycan Cənubi Qafqazdakı yeni həqiqətləri xəritəyə çıxarır və Braziliyaya qapılar açır” adlı məqaləsi dərc olunmuşdur.

Məqalədə 2021-ci ildə, gələcəyə yeni ümid və gözləntilərlə yaşadığımız bir zamanda ölkəmizin daha geniş planlarının mövcud olduğu bildirilmişdir. Prezident İlham Əliyevin güclü rəhbərliyi altında daha yaxşı bir gələcək qurmaq üçün bütün Azərbaycan xalqının gərgin əməyi və fədakarlığı qeyd olunmuşdur. 

 

2020-ci ildə Cənubi Qafqazda və bütün Avropada sülh və təhlükəsizliyə təhlükə yaradan, Azərbaycan ərazilərinin qanunsuz olaraq Ermənistan tərəfindən işğalının artıq sona çatmasına dair geniş məlumat verən səfir, bu işğalın ağır nəticələri ilə hələ də üzləşdiyimiz və 4 iyul tarixində Azərbaycan jurnalistləri və bələdiyyə nümayəndəsinin tank əleyhinə minaya düşərək həyatlarının itirməsinə münasibət bildirməyə çağırmışdı. Bu hadisə ilə bağlı, 8 iyun tarixində Səfirliyin təşkil etdiyi mətbuat konfransında çağırış səsimizi mediada və mətbuatda işıqlandıran, bu işdə yaxından iştirak edən bütün braziliyalılara dərin minnətdarlıq ifadə edilmişdir.

 

Həmçinin məqalədə, pandemiyanın başlanğıcından bəri dünyanın çətin dövrlər yaşadığı, 2020-ci ilin 3-4 dekabr tarixlərində Prezident İ.Əliyevin şəxsi təşəbbüsü sayəsində “Covid-19” pandemiyası ilə bağlı BMT Baş Məclisinin xüsusi iclasının keçirilməsi və ölkəmizin pandemiya ilə bağlı beynəlxalq təşkilatlar vasitəsilə və birbaşa bir çox ölkələrə dəstək verdiyi də qeyd olunmuşdur.

 

Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) vasitəsilə dünyada baş verən humanitar böhranlara daima öz yardım və köməkliyini göstərməklə yanaşı eyni zamanda, Latın Amerikası ölkələrinə də bu istiqamətdə diqqət yetirildiyi vurğulanmışdır.

 

Qeyd edilmişdir ki, Braziliyanın Azərbaycanla möhkəm əlaqələri olan Latın Amerika ölkələri arasında lider olmaqla yanaşı, Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. Ölkəmiz də öz növbəsində Cənubi Qafqaz ölkələri arasında Braziliya ilə ticarət əlaqələrində öz liderliyini qoruyub saxlamaqdadır.

 

Ölkələrimiz arasında əlaqələr gündən-günə artmaqla yanaşı, ikitərəfli və çoxtərəfli münasibətlərin bütün sahələrini əhatə etməsi və genişləndirilməsi üçün böyük perspektivlərin olması bildirilmişdir. Cənubi Qafqaz bölgəsindəki yeni reallıqların Braziliya üçün imkanlar açacağına və Azərbaycanın bu yolda əsas qapı olacağına inandığımız da qeyd olunmuşdur.

 

Məqalənin tam mətni ilə verilən keçidlə tanış olmaq olar:

 

https://www.correiobraziliense.com.br/opiniao/2021/07/4935226-artigo-o-azerbaijao-mapeia-novas-realidades-no-sul-do-caucaso-e-abre-as-portas-ao-brasil.html

Arxiv üzrə axtarış