2019-08-21

QAYANA KOOPERATİV RESPUBLIKASINDA YÜKSƏK SƏVİYYƏLİ GÖRÜŞLƏR KEÇİRİLMİŞDİR.

Azərbaycanın iqamətgahı Brazilia şəhərində olmaqla Qayana Kooperativ Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Elxan Poluxov paytaxt Corctaunda dövlət naziri Dovn Hastinqs, Xarici İşlər naziri Karen Kamminq, Təbii Sərvətlər naziri Rafael Trotman və Parlamentin sədri Barton Skotland ilə görüşüb.

Görüşlərdə səfir Elxan Poluxov Azərbaycan Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatının Bakıda keçiriləcək Zirvə toplantısına dəvət məktubunu təqdim edib. Görüşlər zamanı ölkələr arasında siyasi, iqtisadi, təhsil və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin vətəndaşları üçün təqaüd proqramları haqqında məlumat verilib. Diplomat, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında da danışıb.

Spiker ilə görüşdə parlament diplomatiyası, parlamentlərarası əlaqələrin inkişafı məsələləri ətraflı müzakirə olunub. Qeyd edilib ki, ikitərəflı əlaqələrin inkişafı üçün böyük potensial mövcuddur və əməkdaşlığımız beynəlxalq təşkilatlar çərçivəsində də davam etdirilməlidir.

Elxan Poluxov Qayanaya səfəri çərçivəsində aparıcı KİV-lər olan “Stabroeknyuz” və “Nyusroom” qəzetlərinə, dövlət televiziya kanalına müsahibə verərək iki ölkə arasındaki münasibətlər, Azərbaycan tərəfinin təqdim etdiyi təhsil təqaüdləri və gələn il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25 illik yubileyi haqqında məlumat verib.

Arxiv üzrə axtarış