2019-08-22

TRİNİDAD VƏ TOBAQODA YÜKSƏK SƏVİYYƏLİ GÖRÜŞLƏR KEÇİRİLMİŞDİR

İqamətgahı Brazilia şəhərində olmaqla Azərbaycan Respublikasının Trinidad və Tobaqo Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Elxan Poluxov bu ölkənin paytaxtı Port of Spain şəhərində bir sıra ali dövlət rəsmiləri ilə görüşlər keçirib. Trinidad və Tobaqo Respublikasının Prezidenti vəzifələrini müvəqqəti icra edən, Senatın sədri xanım Kristina Kanqalu ilə Prezident Sarayında görüşü zamanı səfir Elxan Poluxov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatının Bakıda keçiriləcək Zirvə toplantısına dəvət məktubunun əslini təqdim edib və qarşı tərəf məktubu məmnuniyyətlə qəbul edib. Bundan başqa, görüş zamanı, ölkələr arasında siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlıq məsələləri ilə yanaşı, təhsil sahəsində də əməkdaşlıq məsələləri müzakirə edilib.  Azərbaycan Respublikasının Qoşulmama Hərəkatına üzv ölkələrin vətəndaşları üçün təhsil qrantı layihəsi Kristina Kanqalu tərəfindən maraqla qarşılanıb. Bundan əlavə, səfir Elxan Poluxov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi məsələsinə toxunub, həmsöhbətinə münaqişə və onun nəticələri barədə ətraflı məlumat verib. Həmin gün səfir Elxan Poluxov Trinidad və Tobaqo parlamentinin sədri xanım Bridgid Meri Anizet-Corc ilə də görüşüb. Söhbət zamanı parlamentlərarası dostluq əlaqələrinin yaradılması və möhkəmləndirilməsi, beynəlxalq tədbirlərdə qarşılıqlı dəstək imkanları müzakirə edilib. Səfir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verib. Səfir Elxan Poluxov, həmçinin Trinidad və Tobaqo Respublikasının Xarici və Karikom İşləri naziri Denis Mozes ilə görüşüb. Görüşdə tərəflər siyasi və iqtisadi sahədə əlaqələrin genişləndirilməsinə dair maraqlarını ifadə ediblər, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsi məsələlərini müzakirə ediblər. Səfir Elxan Poluxov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında, həmçinin Azərbaycan Respublikasının Qoşulmama Hərəkatına üzv ölkələrin vətəndaşları üçün təhsil qrantı layihəsi haqqında həmsöhbətini ətraflı məlumatlandırıb. Nazir Denis Mozes Azərbaycan Respublikasının multikulturalizm təcrübəsini dəstəklədiklərini bildirib, təhsil sahəsində qrantlara görə təşəkkürünü ifadə edib, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zonasında mülki əhalinin çəkdiyi əziyyətin təəssüf doğurduğunu bildirib.  Bundan əlavə, tərəflər parlamentlərarası diplomatiyanın inkişafına tam dəstək verdiklərini və ikitərəfli əlaqələri tənzimləyən hüquqi bazanın yaradılmasının vacibliyini vurğulayıblar.

Arxiv üzrə axtarış