2018-05-28

Xalq Cumhuriyyətinin 100 illiyi Qoyas Ştatında qeyd edilib

Azərbaycanın Braziliyadakı Səfirliyi tərəfindən, Qoyas Ştatının paytaxtı Qoyaniya şəhərindəki Kora Karolina Mədəniyyət Mərkəzinin, Ştatın Hökumətinin, mədəniyyət, təhsil və idman katibliyinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş fotosərgi keçirilib.

Kora Karolina Mədəniyyət Mərkəzində keçirilən tədbirdə səfir Elxan Poluxov çıxış edərək deyib ki, bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olunur. Bu yubiley Azərbaycan Respublikası və Braziliya Federativ Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümünə təsadüf edir. Bildirib ki, Azərbaycan ilə Qoyas Ştatı arasında çoxlu oxşarlıqların olması müxtəlif sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsi üçün münbit şərait yaradır.

E.Poluxov qeyd edib ki, fotosərgidə təqdim edilən rəsmlər Azərbaycanın məşhur rəssamlarının əsərləridirlər və ölkənin bölgələrinin, paytaxt Bakı şəhərinin müxtəlif görüntülərini əhatə edir. Səfir əmin olduğunu deyib ki, sərgi Qoyas Ştatının Qoyaniya şəhərində Azərbaycanın keçmişi və gələcəyi haqqında daha çox məlumatın yayılmasına xidmət edəcəkdir. Qeyd edib ki, bu gün Azərbaycan Qafqaz regionunda aparıcı iqtisadi gücə malikdir və Braziliya ilə siyasi, iqtisadi və mədəni sahələrdə sıx əlaqələri olan ölkədir.

Qoyas Ştatı Qubernatorunun nümayəndəsi Lusiano Dantes Azərbaycan səfirini Ştatda görməkdən məmnun olduğu deyib, bu kimi tədbirlərin münasibətləri daha da genişləndirəcəyini deyərək, qonaqlara Azərbaycan ilə Qoyas Ştatı arasında olan əlaqələr haqqında danışıb.

Qubernatorluğun beynəlxalq əlaqələr şöbəsinin müdiri Amiraldo dos Santos Azərbaycan haqqında ətraflı məlumatı ehtiva edən fotosərgiyə görə təşəkkürünü bildirib, Ştat Qubernatorunun fotosərginin açılışına dair təbrik məktubunu iştirakçılara oxuyub.

 

Arxiv üzrə axtarış