2016-10-05

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun Avropa İttifaqının Əfqanıstana dair Brüssel Konfransında çıxışı

Brüssel, 5 oktyabr 2016-cı il

 

Hörmətli Federika Moqerini,

Hörmətli Nazir Rəbbani,

Xanımlar və cənablar,

Zati-aliləri,

25 ildir həll olunmamış münaqişədən ciddi əziyyət çəkən ölkə kimi, Azərbaycan Əfqanıstanın problemlərini yaxından başa düşür. Biz hamımız Əfqanıstana göstərdiyi səylərdə və problemlərinin həll olunmasında tam dəstək olmalıyıq.

Azərbaycan bu məqsədlə bəlkə də Əfqanıstanı ilk, ən yaxın və fəal şəkildə dəstəkləyən ölkələr sırasındadır. Biz bunu daha çox ikitərəfli əsasda, daimi danışıqlar və Əfqanıstan hökumət rəsmiləri ilə görüşlər vasitəsilə, həmçinin NATO da daxil olmaqla, digər beynəlxalq platformalar çərçivəsində həyata keçiririk.

Biz ərazilərin minalardan təmizlənməsi, təhsil də daxil olmaqla, əfqan təhlükəsizlik qüvvələri və dövlət qulluqçuları və digər fəaliyyət sahələri üçün əsaslı təlimlərin keçirilməsini davam etdiririk. Bu yaxınlarda Prezident İlham Əliyev Azərbaycan və Əfqanıstan arasında xüsusilə təhlükəsizlik sahəsində bir neçə milyonluq yardım haqqında sazişi təsdiq etmişdir. Onun həyata keçirilməsinə artıq başlanılmışdır.

Bizim hərbi birləşmələrimiz Qətiyyətli Dəstək Missiyasında xidmət edir və biz NATO Etimad Fondu vasitəsilə əfqan ordusuna maliyyə yardımı göstəririk. Mənim ölkəm Əfqanıstanda beynəlxalq əməliyyatların həyata keçirilməsi üçün əsas tranzit yoludur və bəzi hallarda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri üçün bütöv tranzit yollarının 30 faizi Azərbaycandan keçmişdir.

Eyni zamanda, Azərbaycan həmişə təhlükəsizliyə dair səylərin iqtisadi inkişafla gücləndirilməsini dəstəkləmişdir. Qədim İpək Yolunun canlandırılması əminliklə bunu həyata keçirə bilər. Azərbaycan, Gürcüstan və Türkiyə Bakı yaxınlığında yeni beynəlxalq dəniz limanı ilə birləşən Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisini tamamlamaq üzrədirlər və Mərkəzi Asiya ölkələrinin buraya cəlb olunması Əfqanıstanı Uzaq Şərq və Şimali Avropa arasında tranzit yolun mərkəzinə çevirəcəkdir.

Əziz həmkarlar,

Azərbaycan bu günkü konfransımızın yekun kommünikesində aydın şəkildə göstərildiyi kimi Əfqanıstanın həyata keçirdiyi dövlət və müvafiq təsisatların qurulması prosesinə tam dəstəyini davam etdirməyə sadiqdir.

Sağ olun!

Arxiv üzrə axtarış