Xarici işlər naziri Elmar Məmmədyarovun İslam Əməkdaşlıq Təşkilatının Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair Kontakt Qrupunun İlk İclasında çıxışı
qeyri-rəsmi tərcümə
Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun İslam Əməkdaşlıq Təşkilatının Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünə dair Kontakt Qrupunun İlk İclasında çıxışı
Nyu York, 19 sentyabr 2016-cı il
Cənab Sədr,
Cənab Baş Katib,
Zati-aliləri, xanımlar və cənablar,
Mən İƏT-in Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünə dair Kontakt Qrupunun ilk iclasını təşkil etdiyinə və eyni zamanda iclasa sədrlik etdiyinə görə Baş Katib cənab İyad Amin Mədəniyə təşəkkürümü bildirmək istərdim. Qrupun üzvlərini ehtiramla salamlayır və onların hər birinə Kontakt Qrupa qoşulduqları üçün minnətdarlığımı bildirirəm.
İƏT Kontakt Qruplarının təsis edilməsi Təşkilat üçün mühüm əhəmiyyətə malik məsələlərə İƏT Üzv Dövlətlərin daha çox diqqət yetirməsi üçün uğurlu təcrübə olmaqda özünü sübut etmişdir. Bu baxımdan mən inanıram ki, bu Kontakt Qrupun iclasları Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Azərbaycanın Dağlıq Qarabağ regionu və ətraf ərazilərindəki son vəziyyət barədə İƏT Üzv Dövlətlərini məlumatlandırmaq və münaqişənin nizamlanması prosesinə İƏT-in mümkün töhfələrinə dair fikir mübadiləsi aparmaq üçün fürsət olacaqdır.
Dəyərli həmkarlar,
Bildiyiniz kimi, Ermənistan Respublikası Azərbaycana qarşı müharibəyə başlatmış və güc tətbiq etmiş, Azərbaycanın Dağlıq Qarabağ regionu və yeddi ətraf rayon da daxil olmaqla, ərazisinin beşdə birini işğal etmişdir, bir milyondan çox azərbaycanlı əhalini didərgin salmaqla işğal edilmiş ərazilərdə etnik təmizləmə aparmış və münaqişə dövründə digər ağır cinayətlər törətmişdir.
Beynəlxalq ictimaiyyət dəfələrlə Azərbaycana qarşı hərbi güc tətbiqini və nəticə olaraq ərazilərinin işğalını pisləmişdir. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası Azərbaycana qarşı güc tətbiqini və ərazilərinin işğalını qınayan və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını bir daha təsdiq edən 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələr qəbul etmişdir. Bu qətnamələrdə Təhlükəsizlik Şurası bir daha Dağlıq Qarabağ regionunun Azərbaycanın ayrılmaz hissəsi olduğunu təsdiq etmiş və işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb etmişdir. BMT Baş Assambleyası münaqişəyə dair üç qətnamə (20 dekabr 1993-cü il tarixli, 48/114 saylı, 7 sentyabr 2006-cı il tarixli, 60/285 saylı və 14 mart 2008-ci il tarixli, 62/243 saylı) qəbul etmiş və 2004-cü ildən etibarən “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” adlı xüsusi bənd BMT Baş Assambleyası sessiyalarının gündəliyinə daxil edilmişdir.
Ermənistan və Azərbaycan arasında münaqişə baş verdikdən sonra İƏT BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əsaslanaraq, Ermənistanın Azərbaycan ərazilərindəki hərəkətlərini açıq-aşkar təcavüz adlandırmış və Azərbaycana qarşı güc tətbiqini və onun ərazilərinin işğalını ən kəskin şəkildə pisləmişdir. Fürsətdən istifadə edərək, Azərbaycanın haqlı mövqeyini dəstəklədikləri və bununla bağlı həmrəylik göstərdikləri üçün İƏT Üzv Dövlətlərə öz təşəkkürümü bildirmək istərdim.
Silahlı münaqişənin başlanmasından iyirmi dörd il keçmişdir. Buna baxmayaraq, BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının qətnamələrinə, İƏT və digər beynəlxalq təşkilatların qərarlarına və ayrıca Dövlətlərin mövqelərinə məhəl qoymayaraq və beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərini kobul şəkildə pozaraq, Ermənistan Azərbaycan ərazilərini qanunsuz şəkildə işğal altında saxlamaqda davam edir.
Ermənistan işğal edilmiş ərazilərdə öz hərbi potensialını gücləndirməklə, əraziləri demoqrafik, mədəni və fiziki cəhətdən dəyişməklə, zorla didərgin salınmış yüz minlərlə azərbaycanlı əhalinin öz doğma yurd-yuvalarına və mülklərinə qayıtmasının qarşısını almaqla işğala əsaslanan mövcud status-kvonu daha da möhkəmləndirmək üçün səy göstərməkdə davam edir.
Bundan əlavə, atəşkəsin müntəzəm şəkildə pozulması, Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xətti və iki dövlət arasındakı sərhəd boyunca yerləşən şəhər və kəndlərə hücumlar son zamanlar daha mütəmadi və zorakı xarakter almış və çoxlu sayda azərbaycanlı mülki əhalinin öldürülməsi və yaralanması ilə nəticələnmişdir. Ən son bu ilin aprel ayının əvvəllərində Ermənistan Azərbaycanın mülki əhalisinə qarşı genişmiqyaslı hücumlar həyata keçirmişdir.
Aprel hadisələri qabarıq şəkildə göstərdi ki, beynəlxalq ictimaiyyət tərəfindən qeyri-davamlı və qəbuledilməz hesab olunan status-kvo təhlükəlidir və gözlənilməz nəticələr ilə hər an gərginliyin artması ehtimalı vardır.
Ermənistan anlamalıdır ki, status-kvo və silahlı təxribatlara uymaq çox ciddi səhvdir. Azərbaycan Ermənistandan işğal olunmuş ərazilərdə öz hərbi mövcudluğunu dayandırmağı və həlli uzanmış münaqişənin siyasi həllini tapmaq üçün xoş niyyətlə Azərbaycanla danışıqlara başlamağı gözləyir. Ermənistan nə qədər tez öz qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarsa, bir o qədər regional təhlükəsizlik üçün faydalı olar.
Cənab Sədr,
Ermənistanı beynəlxalq öhdəliklərini yerinə yetirməyə məcbur etmək üçün birgə səy göstərilməsinin və Ermənistanın təcavüzünə və Azərbaycan ərazilərinin işğalına son qoymaq üçün belə effektiv siyasi və iqtisadi tədbirlər görmək məqsədilə İƏT tərəfindən Üzv Dövlətlərə və beynəlxalq ictimaiyyətə davamlı çağırışlar edilməsinin vacibliyini nəzərə alaraq, İƏT Kontakt Qrupunun təsis edilməsi və onun effektif fəaliyyəti böyük əhəmiyyətə malikdir. Biz inanırıq ki, bu Kontakt Qrup çərçivəsində müzakirələr müvafiq İƏT qətnamələrinin həyata keçirilməsinə öz töhfəsini verəcək və bu xüsusda İƏT Üzv Dövlətlərinin ayrıca və birgə səylərini tarazlaşdırmağa kömək edəcəkdir.
Yekun olaraq, mən İƏT-in Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünə dair Kontakt Qrupuna uğurlu başlanğıc və məhsuldar müzakirələr arzulamaq və bir daha bu Kontakt Qrupun məqsəd və məramlarının müəyyənləşdirilməsi və həyata keçirilməsində öz dəyərli dəstəkləri üçün İƏT Baş Katibi cənab İyad Amin Mədəni və onun peşəkar kollektivinə təşəkkürümü bildirmək istərdim.
Sağ olun!