2016-08-30

Xarici İşlər Nazirliyinin bəyanatı

Kütləvi informasiya vasitələrində verilən məlumata görə Ermənistan tərəfindən Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin “müstəqilliyinin 25 illiyi” bəhanəsi ilə 2-3 sentyabr tarixlərində Yerevanda konfransın keçirilməsi və konfrans iştirakçılarının işğal olunmuş ərazilərə səyahətinin təşkil olunması planlaşdırılır. Həmçinin, 15-18 sentyabr tarixində Xankəndidə beynəlxalq gənclər konfransının təşkil edilməsi və digər bu kimi təxribatçı tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Ermənistan Azərbaycana qarşı müharibəyə başlayıb, gücdən istifadə edərək Azərbaycan ərazilərinin 20 faizini işğal edib və 1 milyona yaxın azərbaycanlını etnik təmizləməyə məruz qoyub, işğal olunmuş ərazilərdə çoxsaylı hərbi və bəşəriyyət əleyhinə cinayətlər, soyqırım əməlləri törədib.

Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində yaradılmış qondarma rejim Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalının nəticəsidir. Avropa İnsan Hüquqları Məhkəməsinin 16 iyun 2015-ci il tarixli “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə çıxardığı qərarında da təsdiq edildiyi kimi, bu rejim Ermənistanın idarəçiliyi və nəzarəti altındadır və Ermənistanın hərbi, siyasi, maliyyə və digər dəstəyi sayəsində öz mövcudluğunu davam etdirir.

Beynəlxalq ictimaiyyət qəti şəkildə Ermənistan tərəfindən Azərbaycana qarşı hərbi gücdən istifadəni və onun torpaqlarının işğalının nəticələrini davamlı olaraq qınayıb. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası 822, 853, 874 və 884 saylı qətnamələr qəbul edib, Azərbaycana qarşı gücdən istifadəni və onun ərazilərinin işğalını pisləyib, eyni zamanda Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü, o cümlədən beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını bir daha təsbit edib. Bu qətnamələrdə Təhlükəsizlik Şurası Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi təsdiq edib və işğalçı qüvvələrin bütün işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxmasını tələb edib. Digər beynəlxalq təşkilatlar da buna oxşar sənədlər qəbul edib.

Münaqişənin həlli istiqamətində konstruktiv addımlar atmaq əvəzinə qondarma rejimin “müstəqilliyinin 25 illiyi” bəhanəsi ilə Ermənistanın təşkil etməyə çalışdığı növbəti təxribatçı tədbirlər prezidentlərin Vyana və Sankt-Peterburq görüşlərinin ruhuna zidd olaraq, münaqişənin həlli üzrə ATƏT Minsk Qrupunun həmsədr dövlətlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinə xələl gətirir, regionda davamlı sülhün təmin olunması istiqamətində atılan səylərə fayda vermir. Bu tədbirlər Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin təbliğinə və məqsədyönlü təxribat cəhdlərinə xidmət edir.

Qondarma rejimin “müstəqilliyinin 25 illiyi” adı altında keçirilən bu tədbirlərə dəvət edilmiş şəxsləri beynəlxalq hüququn norma və prinsiplərinə hörmət etməyə, təxribat məqsədlərinə xidmət edən bu kimi tədbirlərdən kənar durmağa və işğal edilmiş Azərbaycan ərazilərinə səfərlərdə iştirak etməkdən çəkinməyə çağırırıq.

İşğal olunmuş Azərbaycan ərazilərinə səfər edənlər Azərbaycanın qanunları pozur və həmin şəxslərə münasibətdə onların ölkəmizə gələcək səfərlərinə qadağa qoymaq da daxil olmaqla, Azərbaycan hökuməti tərəfindən müvafiq tədbirlər görüləcəkdir.

Arxiv üzrə axtarış