Səfirin müraciəti

Hörmətli istifadəçilər,

Sizi Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasındakı Səfirliyinin rəsmi internet səhifəsində salamlamaqdan çox məmnunam. Azərbaycan, ölkəmizin mədəniyyəti, iqtisadiyyatı, xarici siyasəti, habelə Səfirliyimizin fəaliyyəti barədə ən son məlumatları internet səhifəmizdən əldə edə bilərsiniz.

Mən, Rəşad Novruz, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə ölkəmizin Braziliya Federativ Respublikasında, o cümlədən iqamətgahı Brazilia şəhərində olmaqla Ekvador Respublikasında, Qayana Kooperativ Respublikasında, Surinam Respublikasında və Trinidad və Tobaqo Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin olunmuşam və adları çəkilən ölkələrdə Azərbaycan Respublikasını təmsil etməkdən böyük şərəf hissi duyuram.

Məqsədimiz Azərbaycanın Səfirliyin fəaliyyət dairəsinə daxil olan ölkələrlə siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə həm ikitərəfli, həm də çoxtərəfli formatlarda münasibətlərinin inkişafına, xalqların daha da yaxınlaşmasına töhfə vermək, bu ölkələrdə yaşayan vətəndaşlarınızın hüquq və maraqlarının qorunmasının, o cümlədən qarşılıqlı olaraq məlumatlılığın artırılmasının təmin edilməsindən ibarətdir. Bu xüsusda, fəaliyyətimizin daha səmərəli şəkildə təşkilinə dəstək göstərən akkreditə olduğum ölkə nümayəndələrinə təşəkkürümü bildirirəm.

Biz bütün dostlarımızı Azərbaycanın vəd etdiyi heyrətamiz gözəllikləri kəşf etməyə dəvət edirik. Sizlər Azərbaycan barədə daha çox öyrənməyə çalışarkən, Azərbaycanın Braziliyadadakı Səfirliyi olaraq hər zaman sizə yardımçı olmağa hazırıq. Fürsətdən istifadə edərək, sizi Azərbaycana və akkreditə olduğum ölkələrdə fəaliyyətimizə dair yenilikləri paylaşdığımız sosial media kanallarımıza abunə olmağa dəvət edirəm.

İnternet səhifəmizi ziyarət etdiyiniz üçün təşəkkür edirik.

 

Hörmətlə,

Səfir Rəşad Novruz

Arxiv üzrə axtarış