2019-09-25
BRAZİLİYA İŞ ADAMLARI ÜÇÜN ÖLKƏMİZİN İNVESTİSİYA VƏ BİZNES MÜHİTİ HAQQINDA TƏQDİMAT KEÇİRİLİB

Braziliyanın San-Paulu şəhərində yerləşən FİESP-nin (San-Paulu Dövlət Sənaye Federasiyası) ofisində Azərbaycan, Belarus və Qazaxıstan səfirliklərinin təşkilatçılığı ilə “Avrasiya bazarlarına doğru” adlı təqdimat keçirilib. Səfir Elxan Poluxov ölkəmizin iqtisadiyyatı, investisiya və biznes mühiti, infrastruktur layihələri, dövlət tərəfindən aparılan müxtəlif sahələrdə islahatlara dair təqdimatla çıxış edib, həmçinin “ASAN xidmət”in fəaliyyətinə və Bakı-Tbilisi-Qars dəmir yoluna dair ətraflı məlumat verib. Qonaqlara Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun hazırladığı təqdimat da nümayiş etdirilib. Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, ölkəmizin iqtisadiyyatını və mədəniyyətini təbliğ edən materiallar paylaşılıb. Səksəndən artıq iş adamı və müxtəlif şirkətlərin nümayəndələrinin iştirak etdiyi tədbirdə Belarus və Qazaxıstanın səfirləri, Qazaxıstanın “Kazachinvest” agentliyinin və “Qazgeology” şirkətinin yüksək vəzifəli nümayəndələri çıxış ediblər. FİESP-ni bu tədbirdə Ticarət və xarici əlaqələr departamentinin baş direktoru Thomaz Zanotto təmsil edib.Bir gün sonra isə səfir Elxan Poluxov eyni mövzulu təqdimatı və AZPROMO-nun təqdimatını Rio-de-Janeyro ştatında fəaliyyət göstərən FİRJAN-nın (Rio-de-Janeyro Dövlət Sənaye Federasiyası) ofisində yerli iş adamlarına təqdim edib və sualları cavablandırıb. Həmçinin təqdimat zamanı ölkəmizə aid materiallar da paylaşılıb. Tədbirdə FİRJAN-nı Beynəlxalq əlaqələr departamentinin direktoru, səfir Frederiko Araujo təmsil edib. FİESP və FİRJAN Braziliya sənayesinin əsas hissəsinin təmsilçilərini özündə cəmləşdirən təşkilatlardır və burada keçirilən tədbirlər yerli iş adamları tərəfindən böyük maraqla izlənilir.

növbəti xəbər əvvəlki xəbər