2018-05-28
Braziliyada 28 May tarixi qeyd edilib

Braziliya Federativ Respublikasının paytaxtı Brazilia şəhərində, Azərbaycan Respublikasının səfirliyi tərəfindən Azərbaycan-Braziliya diplomatik əlaqələrinin 25 illiyinə, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş tədbir keçirilib.

Tədbirdə Braziliya Milli Konqresinin Senat və Deputatlar Palatasından olan üzvləri, ölkədə fəaliyyət göstərən diplomatik korpusun, dövlət və rəsmi qurumların, təhsil və elmi dairələrinin, yerli KİV-lərin nümayəndələri və iş adamları iştirak ediblər.

Əvvəlcə Azərbaycanın və Braziliyanın dövlətin himnləri səsləndirilib.

Səfir Elxan Poluxov çıxış edərək tədbir iştirakçılarına ölkəmiz və 28 May - Respublika Günü, Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycanın müstəqilliyini bərpa etməsi barədə ətraflı məlumat verib. Qeyd edilib ki, 1991-ci ildə müstəqilliyini yenicə bərpa edən Azərbaycan bir çox daxili və xarici çətinliklərlə üzləşib. Lakin ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra aparılan müdrik siyasət nəticəsində bu çətinliklər aradan qaldırılıb və Azərbaycan uğurlu inkişaf mərhələsinə qədəm qoyub. Bildirilib ki, Prezident İlham Əliyevin ardıcıl və uzaq görən siyasəti sayəsində transregional enerji, nəqliyyat, infrastruktur layihələrini uğurla icra edən Azərbaycan regionun lider ölkəsinə çevrilib.

Azərbaycan ilə Braziliya arasında ikitərəfli əlaqələrin sürətlə inkişaf etdiyini deyən səfir, Braziliya xarici əlaqələr naziri Aloysio Nunesin keçən il Azərbaycana rəsmi səfərini xüsusi qeyd edib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barəsində məlumat verən Səfir, ölkəmizin ədalətli mövqeyini qonaqların diqqətinə çatdırıb.

Braziliya xarici əlaqələr nazirinin müavini Simas Maqalyayeş çıxışında iki ölkə arasında əlaqələr sürətlə inkişaf etdiyini bildirib. Qeyd edib ki, intensiv qarşılıqlı səfərlər və yüksək ticarət əlaqələri bunun bariz nümunəsidir. 2016-cı ildə Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimovun Braziliyaya səfərini, 2017-ci ildə isə Braziliya xarici əlaqələr naziri Aloysio Nunesin Azərbaycana rəsmi səfərini xatırladan nazir müavini, səfər zamanı bir sıra önəmli görüşlərin keçirildiyini, həmçinin Braziliya Xarici Əlaqələr Nazirliyinin nəzdində fəaliyyət göstərən Rio Branko İnstitutu ilə ADA Universiteti arasında Anlaşma Memorandumunun imzalandığını diqqətə çatdırıb.

Çıxışlardan sonra braziliyalı musiqiçilər tarda və udda Azərbaycan milli musiqilərini ifa ediblər.

Ziyafətlə davam etdirilən tədbir çərçivəsində iştirakçılara Azərbaycan haqqında müxtəlif materiallar təqdim edilib.

növbəti xəbər əvvəlki xəbər