2016-10-31
Xarici işlər naziri Elmar Məmmədyarov Braziliya Federativ Respublikası Milli Konqresinin Deputatlar Palatasının sədri Rodriqo Mayanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Görüşdə Azərbaycan və Braziliya arasında siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi yollarına dair fikir mübadiləsi aparıldı.

Nazir Elmar Məmmədyarov Braziliyanı Rio-de Janeyro şəhərində keçirilmiş 2016-cı il Yay Olimpiya Oyunlarına müvəffəqiyyətlə ev sahibliyi etdiyi üçün təbrik etdi. O, Azərbaycan idmançılarının Yay Olimpiya Oyunlarında yüksək nəticə göstərdiyini qeyd etdi.

Elmar Məmmədyarov Azərbaycanın Latın Amerikası ölkələri, o cümlədən Braziliya ilə əlaqələrin inkişafına xüsusi əhəmiyyət verdiyini bildirərək, bu səfərin tarixi xarakter daşıdığını və ikitərəfli münasibətlərin inkişafına mühüm töhfə verəcəyini vurğuladı.

Nazir Braziliyanın Ermənistan-Azərbaycan münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq danışıqlar yolu ilə həllinə dair mövqeyinin yüksək qiymətləndirildiyini nəzərə çatdırdı.

Azərbaycanda həyata keçirilən uğurlu iqtisadi islahatlar barədə danışan Elmar Məmmədyarov Braziliya istehsalı olan Embraer tipli təyyarələrin ölkəmizdə mülki aviasiyada istifadə edildiyini və digər Braziliya şirkətlərinin də ölkəmizdə uğurlu fəaliyyəti üçün imkanların olduğunu vurğuladı.

Braziliya nümayəndə heyətinin sədri Rodriqo Maya Azərbaycana səfərindən məmnunluğunu ifadə etdi. Qonaq ölkəsinin Azərbaycan ilə hərtərəfli əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu bildirdi.

Görüşdə, həmçinin neft qiymətlərinin düşməsinin dünya iqtisadiyyatına mənfi təsiri və digər qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında müzakirələr aparıldı.

növbəti xəbər əvvəlki xəbər