2017-10-15
Qayana Prezidenti ilə görüş

Iqamətgahı Braziliya şəhərində olan Azərbaycan Respublikasının Qayana Kooperativ Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Elxan Poluxov oktyabrın 5-də etimadnaməsini Qayana Kooperativ Respublikasının Prezidenti David Arturt Qranqerə təqdim edib.

Görüşdə Prezident David Arturt Qranqer Azərbaycan Prezidentinə və xalqına öz səmimi salamlarını çatdırıb, ölkələr arasında bütün sahələrdə əlaqələrin inkişafı üçün geniş imkanların olduğunu söyləyib. Diplomatik əlaqələrin 1995-ci ildə qurulduğunu deyən Prezident bildirib ki, hər iki ölkənin bir sıra beynəlxalq təşkilatlara üzv olmaları Qayana və Azərbaycan arasında oxşarlığın əyani sübutudur.

E.Poluxov Prezident İlham Əliyevin salamlarını Prezident David Arturt Qranqerə çatdırıb. Qayana Kooperativ Respublikasında səfir olmasından məmnunluğunu bildirən səfir, ölkələrimiz arasında münasibətlərin daha da genişlənməsi istiqamətində səylərini əsirgəməyəcəyini söyləyib.

Söhbət zamanı səfir Prezident David Arturt Qranqerə ölkəmiz haqqında ətraflı məlumat verib. Görüşdə ikitərəfli münasibətlərin inkişaf perspektivlərinə dair müzakirələr aparılıb.

növbəti xəbər əvvəlki xəbər